Kanada və Fransadan olan tədqiqatçılar qrupu buludların antibiotiklərə davamlı bakteriyaları uzun məsafələrə daşıdığını aşkar ediblər.
Hafta.az-ın “Science of The Total Environment” elmi jurnalında dərc olunan məqaləyə istinadən yazdığına görə, qrup bulud nümunələrində tapılan bakteriyaları araşdırıb və onların arasında antibiotikə davamlı genləri müəyyən edib. Nümunələr 2019-cu ilin sentyabrından 2021-ci ilin oktyabrına qədər Fransanın mərkəzində sönmüş vulkan olan Puy de Dome zirvəsinin üstündəki atmosfer tədqiqat stansiyasından əldə edilib. Stansiya işçiləri nümunələri dəniz səviyyəsindən ən azı 1465 metr yüksəklikdən toplayıblar. Nümunələrin təhlili bulud damcılarında hər millilitrdə orta hesabla 8 min bakteriya aşkar edib. Bu bakteriyalardakı 29 alt tip antibiotikə davamlı gen də müəyyən edilib.
"Bu bakteriyalar adətən yarpaqların səthində, yəni bitki örtüyündə və ya torpaqda yaşayır" deyib tədqiqatın aparıcı müəllifi Florent Rossi. "Onların küləklə atmosferə daşındıqlarını və buludlarla yüksək hündürlüklərə qalxaraq dünyanı uzun məsafə qət edə bildiklərini gördük", - o, əlavə edib.
Bakteriyalar uzun müddət antibiotiklərə məruz qaldıqda və onlara qarşı immunitet yarandıqda antibiotiklərə qarşı müqavimət yaranır. Dərmanlara qarşı müqavimətin yeni xəstəliklərdə mühüm rol oynadığını və insan sağlamlığı üçün böyük risk yaratdığını xatırladan mütəxəssislər, antibiotiklərdən istifadənin qarşısını almaq lazım olduğunu vurğulayırlar. Çünki dərman müqaviməti bir çox təhlükəli infeksiyaların müalicəsini çətinləşdirir, bəzi hallarda isə qeyri-mümkün edir.
Yeni araşdırmada antibiotiklərə davamlı bakteriyaların atmosferdə yayılmasının insan sağlamlığına potensial təsirləri nəzərə alınmayıb. Amma aşkar edilən orqanizmlərin 5-50 faizi yoluxma qabiliyyətinə malikdir.
Rossi, "Atmosfer bakteriyalar üçün çox çətin bir mühitdir və aşkar etdiklərimizin əksəriyyəti insanlara zərər vermə ehtimalı az olan ətraf mühit bakteriyaları idi" deyib. Ona görə də insanlar yağışlı havada gəzintiyə çıxmaqdan qorxmamalıdırlar.